IQNA

Quran surələri /5

Maidə surəsində Həzrət İsanın (ə) səmavi möcüzəsi

11:35 - May 31, 2022
Xəbər sayı: 3492322
Həzrət İsanın (ə) həyatından Quranın müxtəlif surələrində onun doğulması, həyatı, möcüzələri, düşmənçilikləri və ona qarşı tökülən məkrli planlar bəhs edilir. Quranın beşinci surəsi bu ilahi peyğəmbərin səmavi möcüzəsindən bəhs edir.

"Maidə" surəsi Qurani-Kərimin beşinci və Mədinədə nazil olan bir surəsidir. 120 ayədən ibarətdir və Quranın 6-cı və 7-ci cüzlərində gəlmişdir. Bu surə Peyğəmbərə (s) nazil olan yüz on üçüncü surədir.

Maidə surəsi Allah Rəsulunun (s) ömrünün sonunda ona nazil olan Quranın uzun surələrinin sonuncusudur. 112 və 114-cü ayələrdə qeyd olunan və başqa heç bir surədə işlədilməyən Maidə kəlməsi yemək süfrəsi deməkdir. "Maidə" Həzrət İsanın (ə) möcüzələrindən birinə işarə edir ki, həvarilərin istəyi ilə baş verdi. Onlar İsaya (ə) iman gətirsələr də, İsanın (ə) başqa bir möcüzəsini görərək imanlarını gücləndirmək istəyirdilər. Bu səbəbdən İsa (ə) Allahdan öz səhabələrinə cənnətdən bir yemək süfrəsi göndərməsini istədi.

Bu surədə İsanın (ə) doğumu və möcüzələrinə işarə etməkdən əlavə, əhdin pozulması və Bəni-İsrail ümmətinin sərgərdan gəzməsi, Qabil tərəfindən Adəm oğlu Habilin öldürülməsi və Qədir-Xum hekayəsi kimi başqa hekayələrdən də bəhs edilir.

Həmçinin bu surədə islami təlim və əqidələrdən, dəstəmaz, təyəmmüm, intiqam və oğurluğa görə cəza kimi dini hökm və vəzifələrdən bəhs edilir.

Maidə surəsinin xüsusiyyətlərindən biri də təqvaya vurğudur. Bu surədə "vəttəqullah" (Uca Allahdan qorxun) ifadəsi 12 dəfə təkrarlanır ki, bu da digər surələrdən çoxdur. İlahi təqvaya bu qədər vurğu ona görədir ki, insanlar var-dövlət və məqama çatdıqda Allahdan qafil olurlar. Həmçinin elə işlər görürlər ki, özlərini gözdən salmaqla yanaşı, insanlar arasındakı münasibətlərə, bağladıqları və əməl etməli olduqları əhdlərə, cəmiyyətin əxlaqına xələl gətirirlər.

Oxşar xəbərlər
captcha