IQNA

Quran surələri /3

Ali-İmran surəsində peyğəmbərlərin düşmənlərə qarşı müqavimətinə qısa baxış

16:27 - May 21, 2022
Xəbər sayı: 3492262
"Ali-İmran" surəsi Quranın uzun surələrindən biridir. Bu surədə Yəhya (ə) və İsa (ə) kimi peyğəmbərlərin təvəllüdü və həyatı da daxil olmaqla, müxtəlif mövzular, peyğəmbərlərin fitnə və düşmənçiliklərə qarşı tarixi müqavimətini bütün dövrlər üçün nümunə kimi təqdim edilir.

Quranın üçüncü surəsi "Ali-İmran" adlanır. Bu surə 200 ayədən ibarətdir və Quranın üçüncü və dördüncü cüzlərində qərarlaşıb. Bu surənin "Ali-İmran" adlandırılması bu surənin iki ayəsində "İmran" kəlməsinin olması ilə bağlıdır. 33-cü ayədə İmranın ailəsi, 35-ci ayədə isə Həzrət Məryəmin (s) atası İmranın adı çəkilir. Bu surənin digər adı isə "Tayyibə"dir ki, çirkinlik və ittihamlardan pak olmaq mənasındadır ki, bu da Həzrət Məryəmin (ə) günah və böhtandan pak olmasına işarə edir.

Peyğəmbərə (s) nazil olan səksən doqquzuncu surə olan bu surədə üç görkəmli şəxsiyyətin, yəni Həzrət Yəhyanın (ə), Həzrət Məryəmin (ə) və Həzrət İsanın (ə) dünyaya gəlməsi vəsf edilir.

Ali-İmran surəsi "Mədəni" surələrdəndir. Bəzi təfsirçilərin fikrincə, bu surə Bədr döyüşü ilə Ühüd döyüşü arasında, yəni hicrətin ikinci və üçüncü illərində (miladi 624-625-ci illər arasında) nazil olmuşdur. Bu surə həmçinin İslamın ilk dövrlərində müsəlmanların həyatının ən kritik dövrünün bir hissəsini göstərir.

Bəzi təfsirçilər hesab edirlər ki, hər bir surə müəyyən bir mövzuya işarə edir və əsas mövzu boyunca müxtəlif mövzular nəzərdən keçirilir.

Bu surədə müsəlmanların qələbə və məğlubiyyətləri ilə bağlı hadisələr, müsəlmanların müxtəlif vəziyyətləri, digər etnik qruplar və dinlərlə münasibətlərindən bəhs edilir. "Əl-Mizan Təfsir"nə əsasən, "Ali-İmran" surəsinin əsas məqsədi İslam düşmənləri qarşısında möminləri birliyə, səbir və dözümlü olmağa dəvət etməkdir.

Bu surənin ən mühüm mövzuları bunlardır:

- Tövhid və Məad
Bu surənin mühüm hissəsində tövhid və Allahın sifətləri, Məad və İslam təlimlərindən bəhs edilir.

- Cihad:
Başqa bir bölmədə cihad və onun mühüm əmrləri və Allah yolunda şəhidlərin əbədi həyatı, eləcə də iki Bədr və Ühüd müharibəsində alınan ibrət dərslərindən bəhs edilir.

- İslam qaydalarına diqqət yetirmək:
Bu surənin bir hissəsində müsəlmanların vəhdətinin vacibliyi, Kəbə evi, həccin vacibliyi, əmr be məruf, nəhy əz münkər, təvəlla (Allahın dostları ilə dost) və təbərra (Allahın düşmənləri ilə düşmən), əmanət məsələsi, Allah yolunda infaq etmək, yalanı tərk etmək və problemlər qarşısında səbirli olmaq, müxtəlif ilahi problem və sınaqlar və Allahı hər bir halda zikr etməkdən bəhs edilir.

- Müsəlmanların birliyinin zəruriliyi
Bu surənin bəzi ayələri müsəlmanların birliyinə və düşmənlərə qarşı müqavimətə işarə edir. Müsəlmanlarla kafirlər arasında baş verən müharibələri nəzərə alsaq, cihada dəvət etmək, müsəlmanlar arasında birliyi qorumaq və düşmənlərə qarşı son ana qədər müqavimət göstərmək məsələsi bu surədə diqqət çəkən mühüm məqamlardan biridir.

- Peyğəmbərlərin tarixinə işarə
Bu surənin bəzi ayələri peyğəmbərlərin tarixindən, o cümlədən Adəm, Nuh, İbrahim, Musa, İsa (ə) və Həzrət Məryəmin (s) qissəsindən, həmçinin bu böyük insanlara qarşı sui-qəsdlərdən bəhs edir.

Ad:
E-poçt:
* Comment:
* :