IQNA

Quran surələri /13

Allahın səmavi təsbihi (həmd-sənası)

10:18 - June 24, 2022
Xəbər sayı: 3492450
Göydə göy gurultusu Allahın böyük əlamətlərindəndir ki, "Rəd" surəsinin 13-cü ayəsinə əsasən bu gurultu Uca Allaha təsbih və şükür etməkdir.

"Rəd" surəsi Qurani-Kərimin on üçüncü surəsidir ki, 43 ayə ilə on üçüncü cüzdə qərar tutub. "Rəd" surəsinin Məkkə və ya Mədinədə nazil olması ilə bağlı ixtilaf vardır. Bəziləri bu surənin məzmununa görə, onu məkki (Məkkədə nazil olan) hesab edirlər. Bəziləri nazil olma sırasına görə, bunu mədəni (Mədinədə nazil olan) hesab edirdilər. Bu surə Peyğəmbərə (s) nazil olan doxsan altıncı surədir.

Surənin adı səmanın gurultusu mənasını verən ildırım hadisəsinə işarə edir ki, bu da ilahi təsbih adlandırılır. Bu mövzu "Rəd" surəsinin 13-cü ayəsində belə bildirilir: "Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də (Allahın) qorxusundan (Onu öyüb mədh edirlər)". Bu ayə üçün bir neçə təfsir vermişlər. Bəziləri demişlər ki, ildırım ilahi əlamətdir və Allahın böyüklüyünə işarədir. Buna görə də o, Allahı təsbih etməyə çağırır və ya özü Allahı tərifləyir. Başqa bir təfsirdə deyilir ki, ildırımın təsbihinin mənası budur ki, ildırım səsini eşidən Allahı təsbih edir. Elə dualar da var ki, göy gurultusu eşidəndə oxunur.

Bu surədə həm də Allahın tövhid və qüdrətindən, Quranın haqq olmasından və İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən, qiyamətdən, cənnət və cəhənnəmin vəsfindən bəhs edilir. "Rəd" surəsinin əsas bəhsləri və mövzuları Tövhid, Məad (qiyamət) və vəhydir. Dünyanın və insan ruhunun möcüzələri vasitəsilə onunla bağlı məsələləri ortaya qoyur. O, insanı ölülərin vəziyyəti və tarixi haqqında düşünməyə və dünyanın qanunlarını anlamağa dəvət edir.

"Rəd" surəsi Quranı ayə və möcüzə kimi qəbul etməyən, İslam Peyğəmbərindən (s) ayə və möcüzə istəyən kafirlərə cavab olaraq nazil olmuşdur. Allah-taala bu surədə nazil olan Quranın haqq olduğunu və batillə qarışmayan həqiqət olduğunu vurğulayır.

Qurani-Kərimin insanlara və insan cəmiyyətlərinə ən mühüm öyüd-nəsihətlərindən biri də bu surədədir. "Rəd" surəsinin 11-ci ayəsində buyurulur: "Allah bir qövmün əhvalını dəyişməz ki, onlar öz əhval-ruhiyyələrini dəyişdirsinlər".

Buna uyğun olaraq, Allah heç bir qövmün üsyan və günah yolunu tutmadıqca nemət və aqibətini dəyişməz və onlara əzab verməz. İlahi sünnə budur ki, əgər nankorluq şükür, günah və itaətsizlik Allaha itaəti əvəz edərsə, onların xoşbəxtliyi bədbəxtliyə çevrilər.

Ad:
E-poçt:
* Comment:
* :