IQNA

Quran surələri /15

"Hicr" surəsi insanın yaradılışı və şeytanın düşmənçiliyinin başlanğıcı hekayəsi

17:58 - July 02, 2022
Xəbər sayı: 3492490
İnsanın yaradılması ilə bağlı müxtəlif fikirlər və nəzəriyyələr irəli sürülüb İslam dininin də bununla bağlı öz nəzəriyyəsi var ki, Qurani-Kərimdə qeyd olunur. İnsanın yaradılış aləmində ən mühüm çətinliyi şeytan və onun vəsvəsələri ilə qarşılaşmaqdır.

Qurani-Kərimin on beşinci surəsi "Hicr" adlanır. 99 ayədən ibarət olan və Quranın on dördüncü cüzündə yer alan bu surə Məkkədə nazil olan surələrdəndir. İslam Peyğəmbərinə (s) nazil olan əlli dördüncü surədir.

Bu surənin "Hicr" adlandırılmasının səbəbi 80-84-cü ayələrdə Saleh peyğəmbərin (ə), yəni Səmud qövmünün hekayəsinə işarə etməsidir. Hicr adlı bir məntəqədə olduqları üçün onlara Hicr səhabələri deyirdilər. Saleh (ə) ərəb peyğəmbərlərindən və Nuhun (ə) oğlu Samın nəslindəndir. Quranda Saleh peyğəmbərin (ə) adı 9 dəfə çəkilir və o, Nuh və Huddan (ə) sonra çəkilir.

"Hicr" surəsində kainatın başlanğıcı və qiyamətin əlamətlərindən, Allaha imandan, Quranın əhəmiyyətindən və əzəmətindən, günahkarların cəzasından bəhs edilir. Bu surədə Adəmin (ə) yaradılışı, İblisdən başqa mələklərin ona səcdəsi, mələklərin İbrahimə (ə) müjdə verməsi, Lut qövmünün çirkin davranışlarına görə çəkdikləri əzab və Səmud qövmünün hekayəsinə işarə olunur.

Bu surənin diqqətçəkən məqamlarından biri də yaradılışla bağlı ayələrdir. 26-43-cü ayələrdə insanların və cinlərin yaradılış hekayəsi və bu iki dəstənin yaradılış maddəsindən xəbər verilir. Həmçinin mələklərin Allahın əmrinə itaət etmələrinə və İblisin itaətsizliyinə işarə edərək, onun Allahın qapısından qovulması məsələsi bəyan olunur.

Adəmin yaradılışı və İblisin üsyanı və işinin sonu bütün insanlar üçün bir xəbərdarlıqdır. Çünki İblis insan üzündən Allahın qapısından qovuldu. Amma qovulmazdan əvvəl Allahdan dilədi ki, ona insanları azdırmaq fürsəti versin. Bu fürsət ona verilir və İblis Allahın pak bəndələrindən başqa insanları azdırmağa and içir.

Əlbəttə, belə deyil ki, insanın şeytanın toruna düşməkdən başqa çarəsi yoxdur. Allah "Hicr" surəsində insanı iki yol ayrıcında təsvir etmişdir ki, o, öz iradəsi ilə onlardan birini seçir. Bir tərəfdən şeytanın onları idarə etməsinə mane olanlar var. Belə olduqları halda "Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar. Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!". (Hicr surəsi, 45 və 46).

Digər tərəfdən şeytana tabe olanlar da var. Belə olduqları halda "Onların hamısının aqibəti cəhənnəmdir" "Hicr surəsi, ayə 43).

Ad:
E-poçt:
* Comment:
* :