IQNA

Quranın surələri / 44

"Duxan" surəsində haqqı inkar edənlərin aqibəti

15:27 - December 03, 2022
Xəbər sayı: 3493353
Həqiqət aydın olsa da, bəziləri bunu müxtəlif səbəblərdən, o cümlədən öz şəxsi və ya qrup maraqlarının təhlükəyə düşməsinə görə inkar edirlər. Necə ki, zalımlar bütün tarixi boyu öz hökmranlıqlarını və ardıcıllarını saxlamaq üçün Allahın elçilərini inkar etməyə çalışmışlar. Allah onları şiddətli və qəti bir əzabla qorxutmuşdur.

Qurani-Kərimin 44-cü surəsi “Duxan” adlanır. 59 ayədən ibarət bu surə iyirmi beşinci cüzdə yerləşdirilmişdir. Bu Məkkə surəsi İslam Peyğəmbərinə nazil olan altmış dördüncü surədir.

Bu surə ona görə, "Duxan" adlandırılıb ki, onun 10-cu ayəsində kafirlər üçün Duxan adlı əzabdan və qiyamətin əlamətlərindən birindən danışılır. "Duxan" dünyanın axırında və qiyamət ərəfəsində bütün səmanı bürüyən tüstüyə bənzər qaz halında olan maddə deməkdir.

“Əl-Mizan” təfsirinə görə, “Duxan” surəsinin əsas məqsədi dünya və axirət əzabı ilə təhdid etməkdir. Bu təhdid Quranın həqiqiliyinə şübhə edən kafirlərə yönəlib. “Duxan” surəsi Quranın Qədr gecəsində Allah tərəfindən insanları hidayət etmək üçün nazil olduğuna işarə edir.

Bu surə əvvəlcə Quranın əzəmətindən bəhs edir və Quranın Qədr gecəsində nazil olmasını vurğulayır. Başqa bir hissədə isə Allahın tövhid və birliyindən və kainatdakı əzəmətinin bəzi əlamətlərindən danışır. Həmçinin kafirlərin aqibəti və onların qiyamət günü əzablarının növündən söhbət edir.

Bu surədə kafirlərin tezliklə dünyada ağrılı-acılı bir əzaba düçar olacağı, daha sonra Rəbbinin hüzuruna qayıdacaqları və Allahın onları əməllərinin dəqiq hesablanmasından sonra əbədi əzabla qarşı-qarşıya qoyacağı vurğulanır.

Həmçinin Həzrət Musa (ə) və İsrail oğullarının fironun tərəfdarları ilə qarşıdurması və onların acı sonlarından bəhs edir. Həzrət Musa (ə) İsrail oğullarını xilas etmək üçün Fironun yanına gedəndə Firon və tərəfdarları onu qəbul etmədi. Allah onları dənizdə batırdı. Bu hekayə həqiqəti inkar edən cahilləri oyatmaq üçündür.

Bu surədə dünya əzabları ilə yanaşı, qiyamət məsələsi və cəhənnəm əhlinin ağrılı əzablarından da bəhs edilir. Birincisi, istəsələr də istəməsələr də qiyamətin mütləq gerçəkləşəcəyini vurğulayır. Sonda Qiyamət xəbərlərindən bəzilərini və günahkarların başına gələcəkləri və onlara hansı əzabların veriləcəyini qeyd edir. Həmçinin möminlərə və müttəqilərə gələcək savablardan bəzilərini sadalayır.

Yaradılışın məqsədi, göylərin və yerin yaradılmasının əbəs olmadığı mövzusu bu surənin ayələrində bəhs edilən başqa bir mövzudur. Nəhayət, Quranın başladığıcındakı kimi onun əzəmətini bəyan edərək surəni bitirir.

Oxşar xəbərlər
Ad:
E-poçt:
* Comment:
captcha